19.01.2018

İyirmi yanvar – qürur günü

Azadlıq deyərək girdi savaşa,

Ölümün üstünə cumdu birbaşa.

Millət sərt qayaya döndü, sal daşa,

Əzmini yetmədi güc qıra tanklar,

Oldu qürur günü iyirmi yanvar.

 

Axı tapdanırdı hey heysiyyəti,

Görürdü anbaan min xəyanəti,

Çevirdi silaha kini,nifrəti,

Hayqırdı dünyaya korsan, ya ki kar,

Oldu qürur günü iyirmi yanvar

 

Kükrədi izdiham, çoşdu izdiham,

Yağının üstünə qoşdu izdiham.

Anladı, qandı ki, boşdur – boş, inam,

Dayanmış önündə satqın riyakar,

Oldu qürur günü iyirmi yanvar

 

Əmindi özünə arxayın necə,

Axı güvənirdi oraq – çəkicə,

Gördü rəhm olunmur qocaya,gəncə,

Yağıyla döyüşə verdi son qərar,

Oldu qürur günü iyirmi yanvar.

 

Silkindi elə bil yerin dayağı,

Yetdi müsibərin ərşə sorağı.

Şəhidlər suvardı qanla torpağı,

Birə min yetirə ərən,verə bar

Oldu qürur yeri iyirmi yanvar.

 

Olmadı hay verən,haray səssinə,

Yozdular düzünü tamam tərsinə.

Güllələr tarixin daş sinəsinə

Yazdı qara hərflə qala yadigar,

“Oldu qürur günü iyirmi yanvar”

 

Nəcməddin Mürvətov   

   18.01.2018


Açar sözlər: ,