01.03.2018

Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

    01 mart tarixidə Siyəzən səhər N.Əsədov adına 4 saylı tam orta məktəbində Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.     

    Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşı, Rayon Təhsil Şöbəsinin əməkdaşları, aidiyyəti təşkilatıların nümayəndələri və məktəbin kollektivi iştirak edib.

    Siyəzən Rayon İcra Hakimiyyətinin əməkdaşı Aqil Abdulov bildirib ki, Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanıb. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində maarifləndirici xarakterli tədbirlər keçirilir. Çıxış edənlər tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildiriblər ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.     Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanıb. Əvvəlcə «112» qaynar telefon xəttinə məlumat verilib.

    Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürülüb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.

    Sonra məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Açıq dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.


Açar sözlər: ,  ,