16.03.2018

Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib

    Martın 15-də şəhər stadionunda Siyəzən rayon tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi yarışları keçirilib.

     Siyəzən rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən təşkil olunan birincilik gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti artırmaq, onların hərbi xidmətə hazırlıq səviyyəsini yüksəltmək, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etmək və yarışın zona mərhələsində rayonu təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi daşıyıb. Əsasnaməyə uyğun olaraq iştirakçı komandalar təntənəli keçid, mahnı ilə keçid, sıra hazırlığı, turnikdə dartınma, 100 metr məsafəyə qaçış, mülki müdafiə hazırlığı, əleyhqazdan istifadə, zəhərli zonanın dəf olunması və digər mərhələlər üzrə yarışıblar. Ən yüksək nəticə ilə I yeri tutan şəhər 1 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona mərhələsində iştirak etmək hüququ qazanıb. Şəhər 3 saylı tam orta məktəbin komandası II, Böyük Həmyə kənd və şəhər 5 saylı tam orta məktəblərin komandaları isə III yeri tutublar.

     Yer tutan komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.