18.04.2018

Rəsm müsabiqəsinə yekun vurulub

    18 aprel 2018-ci il tarixdə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Siyəzən rayon Təhsil şöbəsi və Gənclər və İdman idarəsi tərəfindən “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda elan edilmiş rəsm müsabiqəsinə yekun vurulub.

    “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2. bəndinin 5.2.1. yarımbəndinin və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması, narkomaniyanın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürlərin formalaşdırılması, onların rəssamlıq sahəsində yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması məqsədi daşıyan müsabiqədə 40-a yaxın rəssam öz istedadını sınayıb.

    Aprelin 18-də Gənclər Mərkəzində təşkil edilən tədbirdə qeyd olunub ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən biridir. Bu problemi diqqətdə saxlamaq və ona qarşı mübarizədə cəmiyyətin fəallığını artırmaq məqsədilə təsviri incəsənətdən də istifadə edilir. Bununla gənclərin diqqəti pis vərdişlərə qarşı mübarizəyə yönəlir və narkomaniyanın törədəcəyi fəsadları öz nəzərləri ilə rəsm əsərlərinə köçürürlər.

    Çıxışlardan sonra müsabiqə qaliblərinin adları elan olunub və onlara idarənin fəxri fərmanları təqdim edilib. Münsiflər heyətinin qərarına əsasən Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac Iyer, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Hüseynzadə Aybəniz Ii yer , şəhər 1 saylı tam orta məktəbin və Uşaq İncəsənət Məktəbinin şagirdləri Qurbanzadə Fatimə və Ömərova Zeyvə III yerə, şəhər 3 saylı tam orta məktəbin şagirdi Əliyeva Leyla, şəhər 6 saylı məktəb-liseyin şagirdi Əliyeva Nuray, Gilgilçay qəsəbə tam orta məktəbin şagirdi Əliyeva Pərvanə, Zarat kənd tam orta məktəbin şagirdi Rüstəmova Amanə, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Adilov Nicat və Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac isə həvəsləndirici yerlərə layiq görülüblər.